Dövlət Qulluğu: Karyera Yüksəlişiniz Üçün Bir Bələdçi

  • Ana Səhifə
  • / Dövlət Qulluğu: Karyera Yüksəlişiniz Üçün Bir Bələdçi

Bugünkü iş dünyasında tez-tez eşitdiyimiz və öz çəkisinə görə xüsusi yer tutan bir ifadə var: “dövlət qulluğu”. Gənclərin universiteti bitirdikdən sonra üzləşdikləri əsas problemlərdən biri iş dünyasına yönəlməkdir və dövlət qulluğu onların müraciət etdiyi əsas sahələr sırasındadır. Bəs dövlət qulluğu nədir və bu sahədə karyera qurmaq üçün nələri bilməliyik?

Azərbaycan Respublikasının "Dövlət qulluğu haqqında" Qanununa əsasən, dövlət qulluğu — dövlətin məqsədlərini və funksiyalarını həyata keçirmək üçün dövlət qulluqçularının öz səlahiyyətlərini yerinə yetirməsidir. Bu sahədə fəaliyyət göstərənlər Azərbaycan Respublikası Konstitusiyasına və digər qanunvericilik aktlarına əsaslanırlar.

Kimlər Dövlət Qulluğuna Hazırlaşa Bilər? Dövlət qulluğuna qəbul olmaq üçün əsas şərtlərdən biri ali təhsilli olmaqdır. Müxtəlif ixtisaslardan olan şəxslər dövlət qulluğu ixtisas uyğunluğu çərçivəsində müraciət edə bilərlər.

Dövlət Qulluğuna Qəbul Prosesi: Müsabiqə Əsasında Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə iki əsas mərhələdən ibarətdir:

  1. Test imtahanı
  2. Müsahibə

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test İmtahanının Təşkili və Kateqoriyalar Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

  • A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
    • AA qrupu
    • AB qrupu
    • AC qrupu
  • B növü – inzibati icraçı vəzifələr üzrə:
    • BA qrupu
    • BB qrupu
    • BC qrupu (Qeyd edək ki, bəzi mənbələrdə yalnız BA və BB qrupları icraçı vəzifələr üçün qeyd olunur).

İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlər adətən BA və BB altqruplarında imtahan verirlər.

İmtahan Fənnləri və Sual Formatı İmtahana 4 fənn blokundan suallar salınır:

  1. Qanunvericilik – 40 sual. Qanunvericilik üzrə variant sayı 4, digərlərində isə 5 olur.
  2. Məntiq – 30 sual.
  3. Azərbaycan dili – 15 sual.
  4. İnformatika – 15 sual.

Sual sayı ümumilikdə 100-dür. Sualların formatı qruplara görə dəyişir:

  • BB və AC qruplarında bütün 100 sual qapalıdır (variantlı).
  • BA və AB qruplarında 100 sualdan 80-i qapalı, 20-si isə açıqdır. Açıq testlər 2 balla hesablanır. BA qrupunda açıq suallar Qanunvericilikdən 8, Məntiqdən 6, Azərbaycan dilindən 3, İnformatikadan 3 sual olur.
  • AA qrupunda 60 sual qapalı, 40 sual açıqdır. Hər açıq test 2 balla hesablanır.

Ballar və Keçid Həddi

  • BB qrupunda hər sual 1 baldır, ümumi bal sayı 100-dür. Keçid balı 65-dir. BB qrupunda rayon idarələrində və dövlət orqanlarının tabeliyində olan idarələrdə işləmək mümkündür.
  • BA qrupunda açıq suallar 2 balla hesablandığı üçün ümumi bal sayı 120-dir. Keçid balı 84-dür. BA qrupunda suallar BB-yə nisbətən qismən çətindir və mövzu sayı çoxdur. Bu sertifikatla Nazirliklərdə, onlara bərabər və yuxarı orqanlarda işləmək olur.
  • BA sertifikatınız varsa, BB üzrə vəzifələrin müsahibəsində iştirak edə bilməzsiniz. Yalnız sahib olduğunuz sertifikatın alt qrup müsahibələrində iştirak edə bilərsiniz.

Test imtahanında iştirak ödənişlidir. Qiymətlər vəzifə qrupuna görə dəyişir (məsələn, AA üçün 110 manat, BB üçün 70 manat).

Sertifikatın Əldə Olunması və Qüvvədə Olma Müddəti Test imtahanından müvəffəqiyyətlə keçən şəxsə DİM tərəfindən test imtahanından keçdiyini təsdiq edən sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti beş ildir. Yəni bir dəfə sertifikat alıb 5 il ərzində vəzifə tutmaq üçün müsahibələrdə iştirak edə bilərsiniz. Şəxs bir neçə sertifikat əldə edə bilər. İl ərzində yalnız 5 müsahibədə ödənişsiz iştirak etmək mümkündür. İki dəfə sertifikat aldıqdan sonra sonuncu sertifikat ömürlük verilir və həmin şəxs gələcəkdə hər hansı imtahana cəlb olunmur.

Müsahibə Mərhələsi Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil edir. Elanlar DİM-in və dövlət orqanının saytında yerləşdirilir. Müsahibədə iştirak etmək üçün qüvvədə olan sertifikatınız olmalıdır.

Müsahibə komissiyası 3 nəfərdən ibarət olur: DİM-in 1 nümayəndəsi, vəzifə təklif edən orqanın 1 nümayəndəsi və 1 müstəqil ekspert. Müsahibə 20-50 dəqiqə arasında keçirilir və təqdim olunan suallar 4 istiqaməti əhatə edir:

  1. Ümumi qanunvericilik üzrə.
  2. Dövlət orqanı üzrə (məhkəmələrdə bu istiqamət yoxdur).
  3. Vəzifə üzrə.
  4. Dünyagörüş üzrə (vəzifə tələbinə görə xarici dil biliyi də yoxlanıla bilər).

Müsahibə 20 baldan ibarətdir və uğur qazanmaq üçün minimum 16 bal toplamaq zəruridir. Müsahibədən keçən namizədlər vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim olunur. Rəhbər namizədlərdən birini seçərək, onu altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant vəzifəyə təyin etməlidir. Staj dövründə kurator stajçının işini istiqamətləndirir. Staj müddəti bitdikdən sonra müsbət tövsiyə olarsa, stajçı üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Sınaq müddəti uğurla başa çatdıqda, şəxs daimi dövlət qulluğuna qəbul edilir.

Əgər namizəd vakant vəzifəyə təyin edilməzsə, iki il müddətində ehtiyat kadr kimi saxlanılır. Bu müddətdə analoji vakant vəzifə yarandıqda, namizəd razılığı ilə həmin vəzifəyə təyin edilə bilər. Xaricdə təhsil almış bəzi şəxslər dövlət proqramı çərçivəsində dövlət qulluğuna qəbul müsabiqəsində (test və müsahibə) iştirak etmirlər. Bir neçə diplomunuzun olması (məsələn, 2 bakalavr və ya 1 bakalavr, 1 magistr) üstünlükdür.

Dövlət Qulluğunda İş Şərtləri Dövlət qulluqçularına aşağıdakı hüquq və üstünlüklər təmin edilir:

  • Həftəlik 40 saatlıq iş rejimi. Müstəsna hallarda iş vaxtı ayda 5 saata qədər əvəzi ödənilmədən artırıla bilər; daha çox artırılanda əlavə haqq ödənilir.
  • İldə 30 gün əsas məzuniyyət.
  • Staj müddətinə görə əlavə məzuniyyət:
    • 5-10 il: 2 gün
    • 10-15 il: 4 gün
    • 15 ildən çox: 6 gün
  • Əməkhaqqı və sosial təminatlar dövlət tərəfindən qorunur.

Dövlət Qulluğu Sahəsində Harada İşləmək Mümkündür? İmtahandan uğurla keçən şəxslər aşağıdakı dövlət qurumlarında inzibati vəzifə tuta bilərlər:

  • ASAN Xidmət mərkəzləri və regional bölmələri
  • Qida Təhlükəsizliyi Agentliyi və yerli bölmələri
  • Dövlət Statistika Komitəsi və yerli bölmələri
  • Təhsil Nazirliyi və Rayon Təhsil Şöbələri
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
  • Energetika Nazirliyi
  • Maliyyə Nazirliyi
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyi
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsi
  • Məhkəmələr (hakim vəzifələri istisna olmaqla)
  • Dövlət Turizm Agentliyi
  • Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
  • Hesablama Palatası
  • Kənd Təsərrüfatı Nazirliyi
  • Mədəniyyət Nazirliyi
  • Gənclər və İdman Nazirliyi və s. dövlət qurumları.

Dövlət Qulluğuna Hazırlıq Dövlət qulluğuna hazırlıq zamanı Qanunvericilik, Məntiq, Azərbaycan dili və İnformatika fənləri tədris olunur.

 

Dövlət Qulluğu üçün Sınaq İmtahanları!

Real imtahan təcrübəsi əsasında hazırlanmış sınaq imtahanları.